• 1

    Əlif. Ləm. Mim.

  • 2

    Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur.

  • 3

    O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi –

  • 4

    daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

  • 5

    Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

  • 6

    Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

  • 7

    Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

  • 8

    Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

  • 9

    Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

  • 10

    Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

  • 11

    Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.

  • 12

    Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”

  • 13

    Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

  • 14

    Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.

  • 15

    De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.

  • 16

    O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər;

  • 17

    Səbr edən, doğru danışan, müti olan, xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.

  • 18

    Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də. Ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

  • 19

    Həqiqətən, Allah dərgahında din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, Allah tez haqq-hesab çəkəndir.

  • 20

    Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür.

  • 21

    Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ.

  • 22

    Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır.

  • 23

    Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə üz çevirir­.

  • 24

    Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.

  • 25

    Şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?

  • 26

    De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

  • 27

    Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.

  • 28

    Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsənin Allah ilə heç bir əlaqəsi yoxdur. Ancaq onlardan çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.

  • 29

    De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.

  • 30

    O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

  • 31

    De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

  • 32

    De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.

  • 33

    Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.

  • 34

    Onlar biri digərindən olan bir nəsil idilər. Allah Eşidəndir, Biləndir.

  • 35

    Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

  • 36

    Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm”.

  • 37

    Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”

  • 38

    Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

  • 39

    O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, ağası, məhdudlaşdırılmış və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.

  • 40

    O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Dedi: “Allah beləcə istədiyini edər”.

  • 41

    O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Rəbbini çox yad et və səhər-axşam təriflər de!”

  • 42

    Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.

  • 43

    Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”

  • 44

    Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.

  • 45

    O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və yaxınlaşdırılmışlardan olacaqdır.

  • 46

    O, beşikdə ikən, yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”.

  • 47

    dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.

  • 48

    Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

  • 49

    İsrail oğullarına bir elçi edəcəkdir. “Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.

  • 50

    Məndən əvvəl Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.

  • 51

    Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Bu, düz yoldur”.

  • 52

    İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!

  • 53

    Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

  • 54

    Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.

  • 55

    O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.

  • 56

    Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır”.

  • 57

    İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevmir.

  • 58

    Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.

  • 59

    Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.

  • 60

    Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma.

  • 61

    Sənə bilik gəldikdən sonra kim səninlə barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

  • 62

    Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

  • 63

    Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.

  • 64

    De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

  • 65

    Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?

  • 66

    Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!

  • 67

    İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.

  • 68

    Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.

  • 69

    Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və hiss etmirlər.

  • 70

    Ey Kitab əhli! Şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?

  • 71

    Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?

  • 72

    Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və sonunda inkar edin ki, bəlkə onlar dönələr.

  • 73

    Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah Əhatəedəndir, Biləndir”.

  • 74

    O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir.

  • 75

    Kitab əhlindən eləsi var ki, ona bir yığın əmanət etsən, onu sənə qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

  • 76

    Xeyr! Kim əhdini yerinə yetirsə və qorxsa, şüb-həsiz ki, Allah müttəqiləri sevər.

  • 77

    Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.

  • 78

    Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.

  • 79

    Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə: “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”

  • 80

    O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

  • 81

    Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.

  • 82

    Bundan sonra üz döndərənlər – məhz onlar fasiqlərdir.

  • 83

    Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.

  • 84

    De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz on-ların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

  • 85

    İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.

  • 86

    İman gətirdikdən, Peyğəmbərin həqiqi olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.

  • 87

    Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.

  • 88

    Onlar həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

  • 89

    Bundan sonra tövbə edib islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

  • 90

    Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.

  • 91

    Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.

  • 92

    Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.

  • 93

    Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”

  • 94

    Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır.

  • 95

    De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”.

  • 96

    Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.

  • 97

    Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur.

  • 98

    De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?”

  • 99

    De: “Ey Kitab əhli! Siz şahid olduğunuz halda, nə üçün əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

  • 100

    Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra döndərib kafir edərlər.