• 1

    Göy yarılacağı

    Malik, Abdullah ibn Yezid vasitəsilə Əbu Sələmədən rəvayət edir ki, Əbu Hureyrə onlara “Göy yarılacağı zaman” (əl-İnşiqaq surəsi) surəsini oxudu və səcdə etdi. Səcdədən qalxdıqdan sonra, onlara Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu surəni oxuyarkən səcdə etdiyini bildirdi. Hədisi Muslim və Nəsai Malik vasitəsi ilə nəql etmişlər. Buxari deyir: Əbu Neman, Mutəmir vasitəsilə atasından, o da Bəkrdən Əbu Rafinin belə dediyini nəql edir: “Əbu Hureyrə ilə birlikdə namaz qıldım. O, “Göy yarılacağı zaman” surəsini oxudu və səcdə etdi. Mən bu haqda ondan soruşduqda, mənə belə cavab verdi: “Əbul Qasimin ( Peyğəmbəri (salləllahu aleyhi və səlləm) nəzərdə tuturdu.) arxasında səcdə etmişdim. Onunla qarşılaşacağım günə qədər də səcdə edəcəm”. Hədis Mutəmirdən Musəddəd vasitəsilə də rəvayət olunmuşdur. Buxari xüsusi olaraq hədisi Musəddəd vasitəsilə Əbu Rafidən nəql edərək bildirmişdir. Həmçinin, Muslim, Əbu Davud və Nəsai hədisi müxtəlif yollarla Süleyman ibn Tarxan ət-Teymidən rəvayət etmişlər. Habelə Muslim və “Sünən” müəllifləri həmin hədisi Süfyan ibn Uyeynənin hədisindən nəql etmişlər. Nəsai Süfyan əs-Sövrinin də adını qeyd etmişdir. Hər ikisi Eyyub ibn Musa vasitəsilə Atə bin Minadan, o da Əbu Hureyrədən rəvayət edirlər ki, Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birgə “Göy yarılacağı zaman” “Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!” (əl-Əla surəsi) surələri əsnasında səcdə etdik.

    Allah təala buyurur ki, “Göy yarılacağı” Bu, Qiyamət günü baş verəcəkdir. “Və Rəbbinə boyun əyəcəyi zaman” Yəni Rəbbini dinləyib Onun əmrinə itaət etdiyi və Rəbbinin buyuruğunu haqqı olaraq yarılma əmrini yerinə yetirdikdə; “Onsuzda boyun əyməlidir”. Yəni o, Allahın əmrinə boyun əyməyə məhkumdur. Çünki Allah Ona qarşı çıxılmayan və qalib gəlinməyən ucaların ucasıdır. Əksinə, O, hər şeyi əmri altına alıb, hər şeyi özünə itaətkar etmişdir. “Yer dümdüz olacağı” Yəni uzanıb genişlənərək dümdüz olacaqdır.

    İbn Cərir deyir: İbn Əbdüləla, İbn Sövr vasitəsilə Əli ibn Hüseyndən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qiyamət günü baş verdikdə, Allah təala yeri pambıq tarlası kimi uzadacaqdır. Belə ki, insanların hər birinin ancaq ayaqlarını qoya biləcək qədər yeri olacaq. Həmin vaxt Rəhmanın sağından ilk çağrılan mən və Cəbrayıl olacaq. Allaha and olsun ki, Cəbrayıl Onu əvvəllər görməmişdir. Mən deyəcəm: “Ey Rəbbim, bu (Cəbrayıl) mənə xəbər gətirdi ki, Sən onu mənə elçi olaraq göndərmisən”. İzzət və cəlal sahibi Allah isə buyuracaq: “Doğru söyləyib”. Daha sonra mən şəfaət edəcəm və deyəcəm: “Ey Rəbbim, Yerin hər tərəfində qulların Sənə ibadət etdilər. Bax bu, Məqam-mahmuddur”.

                Sonra Allah təala buyurdu: “Üzərində olanları tullayıb boşaldacağı zaman”; Yəni torpağın altında olan ölüləri kənara atıb özünün boşaldacaqdır. Mucahid, Səid və Qatədə belə söyləmişlər. “Və Rəbbinə boyun əyəcəyi zaman; Onsuzda boyun əyməlidir”. Bu ayənin təfsirini bir az öncə qeyd etdik.

    Daha sonra uca Allah buyurur: “Ey insan! Doğrudan da sən Rəbbinə doğru çalışıb çabalayırsan”. Yəni Rəbbin üçün çalışdın və çoxlu işlər gördün. “Elə Ona da qovuşacaqsan!” Sonra da etdiyin yaxşı və ya pis işlərin müqabilindəkilərlə qarşılaşacaqsan. Əbu Davud ət-Təyalisinin Həsən ibn Əbu Cəfər vasitəsilə Cabirdən nəql etdiyi hədis buna dəlalət edir. Belə ki, həmin hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cəbrayıl dedi: “Ey Muhəmməd, istədiyin qədər yaşa, sən mütləq öləcəksən! İstədiyin qədər sev, sən mütləq ondan ayrılacaqsan! İstədiyin qədər işlər gör, sən mütləq onların qarşılığını alacaqsan!” Bəziləri ayədəki “ona” əvəzliyinin “Rəbbinə” sözünə aid olduğunu söyləmişlər. Belə olduğu təqdirdə, məna “Sən Rəbbinə qovvuşacaqsan” kimi ifadə olunar. Başqa sözlə desək, Rəbbin sənə etdiyin əməllərin əvəzini verəcək, çalışıb-çabalamağının qarşılığını alacaqsan. Belə olan halda hər iki məna bir-birini tamamlayır. Ovfi Allah təalanın “Ey insan! Doğrudan da sən Rəbbinə doğru çalışıb çabalayırsan. Elə Ona da qovuşacaqsan!” ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Yəni sən etdiyin əməllərə görə, ya yaxşı, ya da pis əməllərlə Allaha qovuşacaqsan”.

    Qatədə “Ey insan! Doğrudan da sən Rəbbinə doğru çalışıb çabalayırsan. Elə Ona da qovuşacaqsan!” ayəsi haqda demişdir: “Ey Adəm oğlu sənin çalışıb çabalamağın olduqca zəifdir. Kim Allaha itaət etməkdə çalışıb çabalamağı bacarırsa, bunu da etsin! Allahdan başqa gücə və qüvvət sahibi yoxdur”.

    Daha sonra uca Allah buyurur ki, “Kimin əməl dəftəri sağına verilmişsə, yüngül bir sorğu-sualla hesaba çəkiləcək”. O, yüngül və asan sorğu-sualla hesaba çəkiləcək. Yəni onun etdiyi əməllərin hamısının dəqiqliyinə varılmayacaqdır. Hər kimsənin etdiyi əməlləri dəqiqliklə soruşulsaydı, şübhəsiz ki, onun aqibəti yaxşı olmazdı.

    İmam Əhməd deyir: İsmail, Eyyub vasitəsilə Aişədən (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Sorğu-sualı müzakirə edilən əzab görəcək”. Bu zaman Aişə dedi: “Bəs Allah təala buyurmadı ki, “Yüngül bir sorğu-sualla hesaba çəkiləcək”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bu sorğu-suala çəkilmək deyil ki! Bu, sadəcə ərz edilməkdir. Çünki soğru-sualı müzakirə edilən əzab görəcək”. Bu hədisi Buxari, Muslim, Tirmizi, Nəsai və İbn Cərir Təbəri də Eyyub əs-Sixtiyaninin hədisinə istinadən nəql etmişdilər.

    İbn Cərir deyir: İbn Vaki, Rovh ibn İbadə vasitəsilə Aişədən (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qiyamət günü sorğu-suala çəkilən hər kəs əzab görəcək”. Aişə deyir ki, bu zaman mən dedim: Məgər Allah təala buyurmurmu ki, “Yüngül bir sorğu-sualla hesaba çəkiləcək”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bu ərz etmədir. Şübhəsiz ki, haqq-hesaba çəkilən əzab görəcək”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) əlini barmaqları üstünə qoyub, sanki nöqtə cızırdı. Həmçinin, bu hədisi Amr ibn Əli, İbn Əbu Adiy vasitəsilə Aişədən nəql etmişdir. Buxari və Muslim hədisi Hatim ibn Ubey adlı Əbu Yunis əl-Quşeyridən nəql etmişlər.

    İbn Cərir deyir: Nasr ibn Əəli əl-Cəhdami, Muslim vasitəsilə İbn Ubeyy Muleykədən nəql edir ki, Aişə (Allah ondna razı olsun!) demişdir: “Sorğu-sualı müzakirə edilən və ya hesaba çəkilən əzab görəcəkdir”. Sonra Aişə deyir ki, “Yüngül hesab Allah təalaya ərz olunan hesabdır. O, bunları görürü”. Əhməd deyir: İsmayıl, Muhəmməd ibn İshaq vasitəsilə Abdullah ibn Zubeyrdən, o da Aişədən nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazların birində beləd ua etdi: “Allahım, məni yüngül bir hesaba çək!” Namazdan qalxdıqdan sonra ondan soruşdum: “Ey Allahın elçisi, yüngül hesab nədir ki?” O, (salləllahu aleyhi və səlləm) mənə belə cavab verdi: “Allahın bir insanın əməl dəftərinə baxıb onu sərbəst buraxmasıdır. Ancaq ey Aişə, şübhəsiz ki, o gün hesaba çəkilən həlak olacaq”. Bu hədis Muslimin şərtinə görə, səhihdir.

    “Və ailəsinin yanına sevinclə qayıdacaqdır!” Yəni Cənnətdə ailəsinə sevinclə qayıdacaqdır. Qatədə belə demişdir. Dahhaq isə deyir ki, “Cənnətdə ailəsinin yanına izzət və cəlal sahibi Allahın ona bəxş etdiyi nemətlərə görə sevinərək qayıdacaqdır”. Təbərani Rəsulullahın (salləllahu aleyhi və səlləm) qulluqçusu Sövbandan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Siz bilinməyən işlər edirsiniz. Əməlini bilən insan ailəsinin yanına savaba nail, sevinci və özünə qalib gəlmiş kimi qayıdar”.

    Daha sonra Allah təala buyurur: “Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə”; Yəni əli arxaya uzadılaraq arxa tərəfdən soluna verilərsə, “Ölüm diləyəcəkdir”. Yəni həlak arzulayacaqdır. “Və Səirə (Cəhənnəmə) vasil olacaqdır. O, öz ailəsində sevinc içində idi”. Sevinc içərisində idi və işlərin nəticəsini düşünməz, qarşısındakı hallardan çəkinməzdi. Bu ani sevincin aqibəti isə uzun bir kədərdir. “Heç vaxt da qayıtmayacağını zənn edirdi”. Yəni o, elə hesab edirdi ki, öldükdən sonra yenidən dirilib Allahın hüzuruna qaytarılmayacaqdır. İbn Abbas, Qatədə və başqaları belə söyləmişlər. Ayədəki ( حور — yəhur) sözü – qayıtmaq – mənasını ifadə edir. Daha sonra Allah təala buyurur ki, “Xeyr! Həqiqətən, Rəbbi onu görürdü”. Yəni əksinə Allah təala onu ilk yaratdığı kimi qaytaracaq və etdiyi yaxşı və ya pis əməllərinin müqabilində onu ya mükafatlandıracaq, yaxud da cəzalandıracaq. Allah onu görürüdü, hər şeyini bilirdi, hər şeyindən xəbərdar idi.

     

  • 2

    Və Rəbbinə boyun əyəcəyi zaman; Onsuzda boyun əyməlidir

    1-ci ayənin təfsirinə bax.

  • 3

    Yer dümdüz olacağı

    1-ci ayənin təfsirinə bax.

  • 4

    Üzərində olanları tullayıb boşaldacağı

    1-ci ayənin təfsirinə bax.

  • 5

    Və Rəbbinə boyun əyəcəyi zaman; Onsuzda boyun əyməlidir

    1-ci ayənin təfsirinə bax.

  • 6

    Ey insan! Doğrudan da sən Rəbbinə doğru çalışıb çabalayırsan. Elə Ona da qovuşacaqsan!

    1-ci ayənin təfsirinə bax.

  • 7

    Kimin əməl dəftəri sağına verilmişsə,

    1-ci ayənin təfsirinə bax.

  • 8

    Yüngül bir sorğu-sualla hesaba çəkiləcək

    1-ci ayənin təfsirinə bax.

  • 9

    Və ailəsinin yanına sevinclə qayıdacaqdır!

    1-ci ayənin təfsirinə bax.

  • 10

    Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə

    1-ci ayənin təfsirinə bax.

  • 8

    Yüngül bir sorğu-sualla hesaba çəkiləcək

    1-ci ayənin təfsirinə bax.

  • 9

    Və ailəsinin yanına sevinclə qayıdacaqdır!

    1-ci ayənin təfsirinə bax.

  • 10

    Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə

    1-ci ayənin təfsirinə bax.

  • 11

    Ölüm diləyəcəkdir

    1-ci ayənin təfsirinə bax.

  • 12

    Və Səirə vasil olacaqdır!

    1-ci ayənin təfsirinə bax.

  • 13

    O, öz ailəsində sevinc içində idi

    1-ci ayənin təfsirinə bax.

  • 14

    Heç vaxt da qayıtmayacağını zənn edirdi

    1-ci ayənin təfsirinə bax.

  • 15

    Xeyr! Həqiqətən, Rəbbi onu görürdü

    1-ci ayənin təfsirinə bax.

  • 16

    Xeyr! And içirəm şəfəqə

    Əli, İbn Abbas, Ubədə ibn Samit, Əbu Hureyrə, Şidad ibn Ovs, İbn Ömər, Muhəmməd ibn Əli ibn Hüseyn, Məkhul, Bəkr ibn Abdullah əl-Mizəni, Bukeyr ibn Əşac, Malik, İbn Əbu Zib və Əbdüləziz ibn Əbu Sələmə əl-Məcşun deyirlər ki, ayədəki şəfəq sözü qızartı mənasına gəlir. Əbdürrəzzaq, Muammar vasitəsilə İbn Xüseymdən, o da İbn Lubeybədən Əbu Hureyrənin “Ağ şəfəq” dediyini nəql etmişdir. Mucahidin qeyd etdiyi kimi, şəfəq ya günəşin doğuşundan əvvəl üfüqdə görsənən qızartıdır, ya da dilçilərin qənaətinə görə, günəşin qürub etməsindən sonra görsənən qızartıdır. Xəlil İbn Əhməd demişdir: “Şəfəq günəşin qürub etməsindən işaya qədər olan müddət ərzində görsənən qızartıdır. Bu qızartı keçib getdiyi zaman, “şəfəq yox oldu” – deyərlər”. Cövhəri deyir ki, “şəfəq gecənin başlanğıcından işaya yaxın vaxta qədər günəşin gürsənən şüası və qızartısıdır”. Həmçinin, İkrimənin sözlərinə görə, şəfəq günəşin qürub etməsi ilə işa arasında görsənən qızartıdır.

    Muslimin “Səhih”ində Abdullah ibn Amrdan rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Məğrib namazının vaxtı şəfəqin qeyb olmasına kimidir”. Bütün bunlar onu göstərir ki, şəfəq Cövhəri və Xəlil ibn Əhmədin dedikləri kimidir. Lakin Mucahidin “Xeyr! And içirəm şəfəqə!” ayəsi haqda belə dediyi də öz təsdiqini tapmışdır: “Şəfəq bütün gündüz vaxtı deməkdir”. Ondan nəql edilən başqa bir rəvayətdə isə onun belə dediyi qeyd olunur: “Şəfəq günəşdir”. Hər iki rəvayəti İbn Əbu Hatim nəql etmişdir. Onun belə deməyinə əsas verən bu ayənin sonrakı ayə ilə yanaşı gəlməsidir. Belə ki, sonrakı ayədə Allah təala buyurur: “Gecəyə və ağuşuna aldığına!” Yəni gecəyə və onun topladığına and olsun! Sanki Allah təala işığa və qaranlığa and içir. İbn Cərir deyir ki, “Allah təala gedən gündüz ilə gələn gecəyə and içir”. Yenə İbn Cərir deyir ki, “Başqaları isə qeyd edirlər ki, şəfəq qızartı və ağartının ismidir. Bu kəlmənin zid mənalı kəlmələrdən olduğunu da söyləmişlər. İbn Abbas, Muacahid, Həsən və Qatədə “ağuşuna aldığına” ifadəsi haqda demişlər: “Yəni gecənin özündə ehtiva etdikləri”. Qatədə əlavə edərək demişdir ki, “Burada gecənin cəm etdiyi ulduzlar və heyvanlardan söhbət gedir. Hətta buna dəlil olaraq İbn Abbas bir şeir də qeyd etmişdir.

    İkrimə “Gecəyə və ağuşuna aldığına!” ayəsi haqda demişdir: “Yəni ağuşuna aldığı qaranlığa! Belə ki, gecə düşdüyü zaman hər şey öz sığınacağına dedər”. Sonra Allah təala buyurur: “Və bədirlənmiş aya!” İbn Abbas bədirlənmiş sözü haqda deyir ki, “yəni toplanıb bərabərləşən aya and olsun!” Həmçinin, İkrimə, Mucahid, Səid ibn Cubeyr, Məsruq, Əbu Saleh, Dahhak və İbn Zeyd “Və bədirlənmiş aya!” ayəsi haqda “bərabərləşən” mənasını vermişlər. Həsənin sözlərinə görə, dolaraq bərabərləşən aydan söhbət gedir. Qatədə isə “dəyirmiləşdikdə” mənasını vermişdir. Onların dedikləri bu mənaya gəlib çıxır: “Ayın işığı tamamlanıb bədirlənmiş vəziyyətə gəldiyi zaman”. Ay gecəyə və onun topladıqlarına qarşılıq olaraq buyurulmuşdur.

    Daha sonra Allah təala buyurur ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” Buxari deyir: Səid ibn Nadr, Mucahiddən Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Bir vəziyyətdən başqa bir vəziyyətə düşəcəklər”. İbn Abbas “Bunu sizin peyğəmbəriniz (salləllahu aleyhi və səlləm) buyurmuşdur” – deyə bildirmişdi. Bu ləfzi Buxari rəvayət etmişdir. Ehtimal olunur ki, İbn Abbas bu təfsiri Peyğəmbərə (salləllahu aleyhi və səlləm) istinad edərək bildirmişdir. Sanki, o, sözləri ilə bu mənanı nəzərdə tuturdu: “Mən bunu sizin peyğəmbərinizdən (salləllahu aleyhi və səlləm) eşitmişəm. Ərəb dilində “peyğəmbəriniz” sözü adlıq halı ifadə edir və demək felinin icraçısını bildirir. Görünüşə baxılırsa, nəzərdə tutulan məna budur. Ancaq ən doğrusunu uca Allah bilir. Buna bənzər ifadə ilə Ənəs demişdir: “Gələn hər il əvvəlkindən daha pisdir. Mən bunu sizin peyğəmbərinizdən (salləllahu aleyhi və səlləm) eşitmişəm”.

    İbn Cərir deyir: Yaqub ibn İbrahim Əbu Bişr vasitəsilə Mucahiddən nəql edir ki, İbn Abbas Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Yəni sizin peyğəmbəriniz (salləllahu aleyhi və səlləm) “Siz bir haldan digər bir hala düşəcəksiniz” – deyərdi”. Bu, onun ifadəsidir. Əli ibn Əbu Talha da İbn Abbasın “Bir hadan sonra başqa hala düşəcəksiniz” – deyə qeyd etdiyini bildirmişdir. Həmçinin, İkirimə, Murra ət-Teyyib, Mucahid, Həsən, Dahhak, Məsruq və Əbu Saleh deyirlər ki, hər halda ayədə nəzərdə tutulan “bir haldan digər bir hala düşmək”dir. “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsində bir vəziyyətdən digər bir vəziyyətə uğrayacaqları kimi məna verilməsi də ehtimal əsasındadır. Ən doğrusunu Allah bilir. Ola bilsin ki, verdiyimiz bu məna bir çox ravilərin ilk ağlına gələn məna olmuşdur. Belə ki, Əbu Davud ət-Təyalisi və Qundər deyirlər ki, Şubə, əbu Bişr vasitəsilə Səid ibn Cubeyrdən nəql edir ki, İbn Abbas “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda: “Muhəmməd (salləllahu aleyhi və səlləm) belə buyurdu” mənasını demişdi. Bu mənanı Ömər, İbn Məsud və İbn Abbasın, o cümlədən məkkəlilərlə kufəlilərin ayədəki “Tərkəbun” sözünü “Tərkəbən” kimi qiraət etmələri təsdiq edir.

    İbn Əbu Hatim deyir: Əbu Səid əl-Əşac, Əbu Usamə vasitəsilə İsmaildən nəql edir ki, Şəbi Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” Yəni ey Muhəmməd, siz bir səmadan digər bir səmaya minəcəksiniz”. Eynilə bunun kimi İbn Məsud, Məsruq və Əbul Aliyədən də bu cür nəql olunmuşdur: “Yəni “bir səmadan sonra digər bir səmaya” mənasını daşıyır”. Onların sözlərinə görə, bu, İsra gecəsidir. Əbu İshaq və Suddi İbn Abbasın belə dediyini nəql etmişlər: “Təbəqədən təbəqəyə…” Yəni bir mənzildən digər bir mənzilə…” Ovfi də İbn Abbasın bu cür dediyini nəql etmiş və əlavə olaraq “bir işdən digər bir işə, habelə bir haldan digər bir hala…” mənasını da qeyd etmişdir. Tək Suddi deyir ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” – yəni mənzil-mənzil sizdən əvvəlkilərin etdiklərini edəcəksiniz”. Sanki Suddi bununla səhih hədisdə deyildiyi kimi “Siz addım-addım sizdən əvvəlkilərin getdiklərini izləyəcəksiniz. Əgər onlar bir ayı yuvasına girsələr, siz də ora girəcəksiniz” hədinisin mənasını vermək istəmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri buyurduqda səhabələr soruşdular: “Ey Allahın elçisi, onlar yahudi və xristianlardır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ayrı kim ola bilər?!” Bu ehtimal olunan mənadır.

    İbn Əbu Hatim deyir: Atam Hişam ibn Ammar vasitəsilə İbn Cabirdən nəql edir ki, Məkhul Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Hər iyirmi ildən bir bilmədiyiniz bir şeyi ortaya çıxardacaqsınız”. Əmaş İbrahimdən nəql edir ki, Abdullah Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Səma yarılacaq, sonra qızaracaq, sonra da haldan-hala düşəcəkdir”. Sövri, Qeys ibn Vahb vasitəsilə Murradan rəvayət edir ki, İbn Məsud “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Səma birdən qırmızı bir gül kimi olar, birdən də yarılar”. Bəzzar, Cabir əl-Cəfi yolu ilə Şəbidən nəql edir ki, Abdullah ibn Məsud “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Yəni, ey Muhəmməd haldan-hala düşəcəksiniz”. Daha sonra Bəzzar deyir ki, bunu Cabir Mucahiddən, o da İbn Abbasdan nəql etmişdir. Səid ibn Cubeyr isə Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Dünyada aşığı vəziyyətdə olan bir camat var idi. Onlar axirətdə isə vəziyyətləri yaxşılaşdı. Bir başqaları da var idi ki, dünyada cah-cəlal içərisində yaşayır, amma axirətdə halları pisləşdi”. İkrimə ayədəki “Təbəqədən təbəqəyə…” sözləri haqda demişdir: “Yəni bir haldan başqa bir hala düşərsiniz – südəmər olduqdan sonra süddən kəsilərsiniz, əvvəlcə gənc olub, sonra qocalarsınız”. Həsən əl-Bəsri ayədəki “Təbəqədən təbəqəyə…” sözləri haqda deyir ki, “Bir haldan başqa hala düşərsiniz – yəni, sıxıntıdan sonra rahatlığa, rahatlıqdan sonra sıxıntıya, habelə kasıblıqdan sonra varlılığa, varlılıqdan sonra kasıblığa, xəstəlikdən sonra sağlamlığa, sağlamlıqdan sonra xəstəliyə…”

    İbn Əbu Hatim deyir: Abdullah ibn Zahir, Muhəmməd ibn Əli vasitəsilə Cabir ibn Abdullahhın belə dediyini nəql edir: Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm)  belə buyurduğunu eşitmişəm: “Həqiqətən, Adəm övladı nə üçün yaradıldığı barədə qəflətdədir. Allah təala onu yaratmaq istədikdə mələyə: “Onun ruzisini, əcəlini və aqibətini yaz! Həmçinin, bədbəxt və ya xoşbəxt olacağını yaz!” – buyurar. Sonra da mələk yüksəkliklərə çıxar. Sonra Allah ona başqa bir mələk göndərər və onun yanına çatana kimi onu qoruyar. Həmin mələk də yüksəkliyə çıxar. Allah onların hər ikisini insanın yaxşı və pis əməllərini yazmaqla vəzifələndirər. İnsan öldüyü zaman həmin o iki mələk yuxarı qalxar və ölüm mələyi gələr. Ölüm mələyi onun ruhunu alar və cəsədi qəbrə qoyulduğu zaman ruh yenidən bədənə qaytarılar. Sonra ölüm mələyi yüksəkliyə qalxar və iki qəbir mələyi gələr. Onlar da onu imtihan etdikdən sonra yüksəkliyə qalxarlar. Qiyamət qopduğu zaman isə onun üstünə yaxşı və pis əməllərin iki mələyi qonar. Onu boynuna bağlı bir kitabla yuxarı qaldırarlar və onunla birgə olarlar. Onların biri gedər, o biri isə şahidlik edər. Sonra Allah təala buyurar: “Sən bundan qafil idin”. (Qaf, 22) Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi bir haldan başqa bir hala düşəcəksiniz” deməkdir”. Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, “Sizin qabaqda gedənlərinizin belə, bacarmadığı çətin işlər var”. Bu hədis qəbul edilməyən hədisdir və isnadı zəifdir. Lakin buna baxmayaraq məna etibarı ilə hədis doğrudur. Ən gözəl bilən pak və nöqsansız olan Allahdır.

    İbn Cərir bu ayə barədə qare və təfsirçilərin sözlərini qeyd etdikdən sonra deyir: Yozumların ən doğrusu “Ey Muhəmməd, sən bir haldan digərinə, bir vəziyyətdən digərinə düşəcəksən!” ifadəsidir”. Xitab nə qədər də Peyğəmbərə (salləllahu aleyhi və səlləm) istiqamətlənsə də, ümumilikdə hamıya şamil olunur. Onların hamısı Qiyamət gününün sıxıntı və şiddətinə uğrayacaqlar.

    Sonrakı ayələrdə uca Allah buyurur: “Elə isə onlara nə olub ki, iman gətirmirlər? Və Quran oxunduqda səcdə etmirlər?” Yəni, bəs onları Allaha, Onun elçisinə və Axirət gününə iman gətirməyə nə mane olur?! Həmçinin, onlara Allahın kəlamı Quran – Onun ayələri oxunduğu zaman, onları Allaha təzim və ehtiram üçün səcdə etməkdən nə döndərir. Allah təala buyurur ki, “Əksinə, kafir olanlar yalan sayırlar”. Yəni haqqı təkzib edib, ona qarşı çıxmaq və inadkarlıq göstərmək onların xüsusiyyətləridir. “Allah onların gizlətdiklərini ən gözəl biləndir!” Mucahid və Qatədə deyirlər ki, “yəni qəlblərində gizlətdiklərini…” “Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!” Yəni, ey Muhəmməd, onlara xəbər ver ki, izzət və cəlal sahibi Allah onlar üçün ağrılı-acılı və olduqca şiddətli əzab hazırlamışdır.

    Sonra Allah təala buyurur: “İman gətirib yaxşı işlər görənlər isə istisnadır”. Həmin kəslər isə istisnadırlar. Yəni qəlbləri ilə iman gətirib, əzaları ilə saleh əməllər görənlər əzabla müjdələnənlər sırasında deyillər. “Onlar üçün tükənməz mükafatlar var!” Onlar bu mükafatlara Axirət evində yiyələnəcəklər. İbn Abbas “Tükənməz” ifadəsinə əksilməyən mənasını vermişdir. Mucahid və Dahhak həmin söz barəsində demişlər: “Yəni, saysız-hesabsız”. Onların sözlərindən belə qənaət hasil olur ki, möminlər üçün hazırlanmış mükafatlar bitib-tükənməz. Necə ki, Allah təala başqa bir ayədə buyurur: “Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar”. (Hud, 108) Suddi deyir ki, bəziləri “əksilməz” mənasını səsləndirdiyi kimi, bəziləri də “minnət edilməyən” kimi məna vermişlər. Bəzilərinin nəql etdiyi son fikri çoxları qəbul etməmişlər. Çünki izzət və cəlal sahibi Allahın Cənnət əhlinə neməti və bəxşişi hər vəziyyətdə, hər dəqiqədə, hər anda mövcuddur. Onlar öz əməlləri ilə deyil, Allahın lütfü və rəhməti ilə Cənnətə daxil olarlar. Əbədi olaraq Allahın onlara tükənməz neməti və mükafatı olacaq. Həmd əbədiyyən yalnız Allahadır. Ona görə də onlar Allaha həmd və təsbeh edərlər. Onların orada dualarının sonu belə olar: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (Yunis, 10)

    “Əl-İnşiqaq” surəsinin sonu; Həmd-səna Allaha məxsusdur. Müvəffəqiyyət bəxş edən Odur.

  • 17

    Gecəyə və ağuşuna aldığına

    16-cı ayənin təfsirinə bax,

  • 18

    Və bədirlənmiş aya ki

    16-cı ayənin təfsirinə bax.

  • 19

    Siz mütləq haldan-hala düşəcəksiniz!

    16-cı ayənin təfsirinə bax.

  • 20

    Elə isə onlara nə olub ki, iman gətirmirlər?

    16-cı ayənin təfsirinə bax.

  • 21

    Və Quran oxunduqda səcdə etmirlər?

    16-cı ayənin təfsirinə bax.

  • 22

    Əksinə, kafir olanlar yalan sayırlar

    16-cı ayənin təfsirinə bax.

  • 23

    Allah onların gizlətdiklərini ən gözəl biləndir!

    16-cı ayənin təfsirinə bax.

  • 24

    Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!

    16-cı ayənin təfsirinə bax.

  • 25

    İman gətirib yaxşı işlər görənlər isə istisnadır. Onlar üçün tükənməz mükafatlar var!

    16-cı ayənin təfsirinə bax.