• 1

    De: “Sığınıram insanların Rəbbinə,

    Bunlar əziz və cəlil olan Allahın üç sifətidir: Rəbb olması (rübubiyyət), mülk sahibi olması və ilah olması (üluhiyyət). O hər şeyin Rəbbi, sahibi və İlahıdır. Hər şey onun yaratdığıdır, Onun mülkiyyətidir və Ona quldur. Sığınan insana bu sifətlərlə uzaqlaşan şeytanın şərindən Allaha sığınmaq əmr edilmişdi. O da insana təhkim olan şeytandır. Çünki elə bir Adəm oğlu yoxdur ki, ona şeytan təhkim olunmasın. Ona çirkinlikləri bəzəyər, azması üçün əlindən gələni edər. Yalnız Allahın qoruduqları istisnadır. Səhih hədisdə belə deyilir: “Sizlərdən hər birinizin yanında təhkim olunmuş bir şeytan vardır.” Onlar: “Ey Rəsulullah, sənin də?” – soruşdular. O dedi: “Mənim də, amma Allah ona qarşı mənə yardım etdi, o da təslim oldu. Artıq mənə xeyirdən başqa bir şey söyləməz.”

    İki Səhihdə Ənəsdən belə rəvayət edimişdir: Safiyə anamız etikafda olan Rəsulullahı (salləllahu aleyhi və səlləm) ziyarət etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə olduğu üçün onu evinə yola saldı. Qarşılarına ənsardan iki nəfər çıxdı. Rəsulullahı (salləllahu aleyhi və səlləm) görəndə iti addımladılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara dedi: “Tələsməyin, o Huyeyin qızı Safiyədir.” Onlar dedilər: “SubhənAllah, ey Rəsulullah.” O isə dedi: “Şeytan, Adəm oğlunun qan damarlarında dolaşır. Qəlbinizə bir şey atmasına qorxdum.” Yaxud dedi: “bir şər atmasına”.

    Hafiz Əbu Yalə əl-Məvsili demişdir: Bizə Muhəmməd ibn Bahr danışdı, bizə Adiy ibn Əbu Əmarə danışdı, bizə Ziyad ən-Numeyri danışdı, o da Ənəs ibn Məlikdən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Şeytan xortumunu Adəm oğlunun qəlbinə qoyar. Allahı zikr edərsə uzaqlaşar. Əgər unudarsa qəlbini udar. Vəsvəsə verən və uzaqlaşan məhz elə odur.” Qəribə hədisdir.

    İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Asimdən nəql etdi ki, o dedi: Mən, Əbu Təmimədən eşitdim ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) tərkinə minən bir nəfər dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) uzunqulağı büdrədi, mən də: “Lənət olsun şeytana” dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Lənət olsun şeytana” demə. Elə desən böyüyər və “öz gücümlə yerə çırpdım” deyər. “Bismilləh” de, o zaman kiçilib milçək boyda olar.” Bunu yalnız Əhməd rəvayət etmişdir. İsnadı yaxşıdır, sağlamdır. Burada qəlbin Allahı zikr etdiyi zaman şeytanın kiçilib məğlub olacağına və Allah zikr edilmədiyi zaman böyüyüb insanı məğlub edəcəyinə dəlil vardır.

    İmam Əhməd demişdir: Bizə Əbubəkr əl-Hənəfi danışdı, bizə Dəhhak ibn Osman danışdı, o da Səid əl-Məqburidən, o da Əbu Hureyrədən nəql etdi ki, o demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Biriniz məsciddə olduğunuz zaman şeytan gəlir, biriniz heyvanını danladığınız kimi onu danlayar. Susduğu zaman  ayağına qandal vurar yaxud ağzına gəm keçirər.” Əbu Hureyrə dedi: Sizdə bunu görürsünüz, qandal vurulan bükülüb durar, Allahı zikr etməz. Gəm vurulan da ağzını açar, əziz və cəlil olan Allahı zikr etməz.” Bunu yalnız Əhməd rəvayət etmişdir.

    Səid ibn Cubeyr demişdir: İbn Abbas “vasvasil xannəs” haqqında demişdir: “O, şeytandır ki, Adəm oğlunun qəlbinə çökər, qafil olduğu zaman vəsvəsə verər, Allahı zikr etdiyi zaman xannəs olar uzaqlaşar.” Mucahid ilə Qatadə də bu cür demişlər. Mutəmir ibn Süleyman da atasından belə demişdir: “Mənə deyildiyinə görə şeytan və ya vəsvəs Adəm oğlunun qəlbinə kədərləndiyi zaman da, sevindiyi zaman da üfürər. Əgər Allahı zikr edərsə, xannəs olar.”

    Avfi də, İbn Abbasın “vəsvəs” barəsində belə dediyini rəvayət etmişdir: “O şeytandır, əmr edər, əmrinə itaət edilərsə, xannəs olar (uzaqlaşar).”

    O, insanların ürəklərinə vəsvəsə salır”. Bu, Adəm oğluna xasdır, necə ki, görünür. Yaxud Adəm oğluna və cinlərə şamil edilir? Burada iki fikir var. Onlar da ümumilikdə “insanlar” sözünə daxildirlər. İbn Cərir demişdir: “Onlara barədə “cinlərdən kişilər” deyilmişdir. Bu məqamda onlara insan deməkdə heç bir yenilik yoxdur.

    Cinlərdən və insanlardan”  bu “O, insanların ürəklərinə vəsvəsə salır” ayəsinin açıqlaması sayılır? Sonra açıqladı ki, “cinlərdən və insanlardan”. Bu da ikinci fikri daha güclü edir. Belə də deyilmişdir: “Cinlərdən və insanlardan” ayəsi “O, insanların ürəklərinə vəsvəsə salır” ayəsindəki vəsvəsə salan insan və cin şeytanlarının təfsiridir. Necə ki, Allah təala buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (Ənam,112).

    Əhməd ibn Hənbəl demişdir: Bizə Vəki danışdı, bizə Məsudi danışdı, bizə Əbu Ömər Diməşqi danışdı, bizə Ubey ibn Xaşxaş danışdı, o da Əbu Zərdən danışdı ki, o dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldim. O, məsciddə idi. Mən oturdum. O buyurdu:

    • Ey Əbuzər namaz qıldınmı?
    • Xeyr.
    • Dur namaz qıl.

    Mən qalxıb namaz qılıb oturdum. O dedi:

    • Ey, Əbuzər, insan və cin şeytanlardan Allaha sığın.
    • İnsanlardan Şeytan olurmu, ey Allahın Rəsulu?
    • Bəli.
    • Ey Rəsulullah, namaz.
    • Ortaya çıxan ən xeyirli şeydir, istəyən az edər, istəyən çox edər.
    • Ey Rəsulullah, bəs oruc?
    • İnsana çatan bir fərzdi, Allah qatında artığı vardır.
    • Ey Allahın Rəsulu, bəs sədəqə?
    • Savabı qat-qatdır.
    • Ey Allahın Rəsulu, onun hansı daha əfzəldir?
    • Kasıbın verdiyi, yaxud kasıba gizli verilən.
    • Ey Allahın Rəsulu ilk Peyğəmbər kimdir?
    • Adəm.
    • O, Peyğəmbər idi?
    • Bəli, həm də Allahın danışdığı peyğəmbər.
    • Mursəllər nə qədərdir, ey Rəsulullah?
    • Üç yüz ondan çox, böyük bir çoxluq.

    Bir dəfə də üç yüz on beş dedi.

    • Ey Rəsulullah sənə nazil olanların ən böyüyü hansıdır?
    • Ayətülkursi, Allahu lə iləhə illə huvəl həyyul qayyum.

    Bunu Nəsai də, Əbu Ömər Diməşqi hədisindən rəvayət etmişdir. Bu hədisi çox uzun olaraq Əbu Hatim ibn Hibban da başqa bir yoldan və başqa bir ləfzdən olaraq rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.

    İmam Əhməd demişdir: Bizə Vəki danışdı, o da Sufyandan, o da Mansurdan, o da Zər ibn Abdullah əl-Həmdanidən, o da Abdullah ibn Şəddaddan danışdı ki, İbn Abbas demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəldi və dedi:

    • Ey Allahın Rəsulu içimdən elə bir şeylər keçir ki, onu danışmaqdansa, göydən yerə düşməyi seçirəm.

    Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi:

    • Allahu Əkbər, Allahu Əkbər, Həmd olsun o Allaha ki, onun tələsini vəsvəsəyə çevirdi.

    Bunu Əbu Davud ilə Nəsai də Mansurun hədisindən rəvayət etmişlər. Nəsai əlavə olaraq demişdir: “Və Əməş, hər ikisi də Zərdən.”

    Təfsirin sonu. Həmd və minnət aləmlərin Rəbbi Allaha məxsusdur.

  • 2

    insanların Hökmdarına,

    1-ci ayənin təfsirinə bax.

  • 3

    insanların məbuduna!

    1-ci ayənin təfsirinə bax.

  • 4

    Vəsvəsə verənin, geri çəkilənin şərindən.

    1-ci ayənin təfsirinə bax.

  • 5

    (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,

  • 6

    cinlərdən də, insanlardan da!”

    1-ci ayənin təfsirinə bax.