• 1

    Allah və Onun Peyğəmbərindən müqavilə bağladığınız müşriklərə bir xəbərdarlıq!

  • 2

    Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rəzil-rüsvay edəcəkdir.

  • 3

    Ən böyük Həcc günü Allah və Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah və Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ!

  • 4

    Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.

  • 5

    Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.

  • 6

    Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.

  • 7

    Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə bir əhdi ola bilər?! Sizə qarşı düzgün davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.

  • 8

    Necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbləri rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.

  • 9

    Onlar az bir dəyər  müqabilində Allahın ayələrini satdılar. Sonra da  Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!

  • 10

    Onlar bir mömin barəsində nə bir müqaviləyə, nə də bir əhdə riayət edərlər. Onlar əsil həddi aşanlardır!

  • 11

    Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.

  • 12

    Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan kimsələrdir. Ola bilsin ki, onlar  son qoyarlar.

  • 13

    Andlarını pozan, Peyğəmbəri çıxartmağa cəhd göstərən və sizə qarşı ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər möminsinizsə, yalnız Allahdan qorxun. Məhz Onun buna haqqı catır.

  • 14

    Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlblərini fərəhləndirsin.

  • 15

    Eləcə də onların qəlblərindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.

  • 16

    Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.

  • 17

    Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.

  • 18

    Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.

  • 19

    Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!

  • 20

    İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.

  • 21

    Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.

  • 22

    Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır.

  • 23

    Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız iman gətirmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.

  • 24

    De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz.

  • 25

    Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz.

  • 26

    Sonra Allah Peyğəmbərə və möminlərə sükunət verdi. O, sizin görmədiyiniz əsgərlər endirdi və kafirlərə əzab verdi. Kafirlərin cəzası budur!

  • 27

    Bundan sonra Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhmlidir.

  • 28

    Ey iman gətirənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.

  • 29

    Kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allah və Peyğəmbərinin haram etdiyini haram saymayan, haqq dini qəbul etməyən kimsələrlə, boyun əyib əlləri ilə cizyə verənə qədər vuruşun!

  • 30

    Yəhudilər: “Üzeyr Allahın oğludur”, — dedilər. Xristianlar da: “Məsih Allahın oğludur”, — dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl kafir olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də döndərilirlər.

  • 31

    Onlar Allahı qoyub xaxamlarını, rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!

  • 32

    Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.

  • 33

    Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Peyğəmbərini hidayət yolu və haqq din ilə göndərən Odur.

  • 34

    Ey iman gətirənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!

  • 35

    O gün bu Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara deyiləcək) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”

  • 36

    Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.

  • 37

    (Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.

  • 38

    Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.

  • 39

    Əgər döyüşə çıxmasanız, (Allah) sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.

  • 40

    Əgər siz kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.