• 1

    Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir.

  • 2

    İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.

  • 3

    Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?

  • 4

    Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu yeni­­dən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.